2017-ci il: Suriyada qələbə, KXDR-in QBR sınağı, ABŞ-ın Çin üzərində manevri - Hərbi ekspert

2018/01/thumbmaker34324_10603549572.jpg
Oxunub: 16228     14:32     01 Yanvar 2018    
2017-ci ilin əsas əlamətdar hadisələrindən biri, ABŞ-ın NATO ilə münasibətlərinin təxmin edildiyi kimi, ciddi şəkildə pisləşməsi oldu. Lakin İttifaq hələ də dağılmaqdan uzaqdır və müntəzəm olaraq həmrəylik və birlik nümayiş etdirir. Rəsmi Vaşinqton Avropada məhdud quru qüvvələri kontingenti, raket əleyhinə müdafiə sistemlərinin və saxlanclarının yenidən yerləşdirilməsi planlarından imtina etməyib.

Qeyd etmək lazımdır ki, NATO-nun ən əhəmiyyətli ölkələrindən biri olan Türkiyənin 2017-ci ildə Alyans ilə münasibətləri ciddi şəkildə zədələndi. Bu narazılıqlar Türkiyəni Rusiya tərəfə meyl etməyə həvəsləndirdi. Türkiyənin Rusiyadan 2,5 milyard dollara S-400 ZRK-ları alması münasibətlərin bir qədər də gərginləşməsinə səbəb oldu. Hətta iş o yerə çatdı ki, türklər NATO-dan çıxa və ya hərbi qurumdan çəkilə biləcəklərini açıqladılar. PKK, FETÖ və Avropa Birliyinə qəbul olmaq məsələlərində istədiyi dəstəyi ala bilməyən Türkiyənin alternativ variantları qalmadı.

ABŞ-ın Çini Rusiyadan uzaqlaşdırmaq cəhdləri hələ də nəticə vermir. Trampın bu siyasəti hələlik uğur qazana bilmir. Yoldaş Si və cənab Donald arasında ən yüksək səviyyəli danışıqların nəticələri nəinki Çini Rusiyadan, heç KXDR-dən uzaqlaşdırmağa imkan vermədi.


Bundan əlavə, 2017-ci ildə Çin Xalq Azadlıq Ordusu fəal islahatlar həyata keçirməyə başladı. Bir daha quru qoşunları ciddi şəkildə ixtisar edildi. Onlar ordunun mobil komponentlərini, xüsusilə dəniz piyadalarını gücləndirdilər. Hava desant qüvvələrinin dəniz piyadaları və xüsusi təyinatlı qüvvələri "Çevik Hərəkət Qüvvələri"nin tərkibində birləşdirdilər. Çin HDQ özünün ildırım sürətli inkişafını davam etdirdi. Ümumiyyətlə, Çinin dəniz teatrında müharibəyə hazırlaşdığını deyə bilərik. Bu hazırlıqda Amerikanı, Yaponiyanı, Cənubi Koreyanı, Avstraliyanı və başqalarını narahat edəcək məqamlar az deyil.

Şimali Koreyanın uğurları

Başa çatan ildə ABŞ anidən ayıldı ki, tikanlı məftillərlə sanksiyalara bürünən ac- yalavac və kiçik ölkə olan Şimali Koreya Nyu-York və ya Vaşinqtonu vura biləcək qitələrarası ballistik raketlərə malikdir.


Son zamanlar 120 kiloton gücündə, maqnitudası 5,8 bal olan hidrogen bombasının uğurlu sınaqlarının keçirilməsi Şimali Koreyaya bu dəhşətli silaha sahib olan 6-cı ölkə statusunu qazandırdı. Əlbəttə, sınaq keçirilməsi bu silahların tam döyüşə hazır variantına sahib olmaq deyil, lakin bu istiqamətdə atılan çox ciddi bir addımdır. Onların istehsalı, qoşunlarda öyrənilməsi və ərazilərdə yerləşdirilməsi illərlə vaxt ala bilər.

Rusiyada yenidən silahlanma

Rusiya ordusunun bu il qəbul etdiyi bütün silahları əhatə etmək çox vaxt ala bilər. Əsas istiqamətlərdən olan STRQ-də "Topol" QBR-lə silahlanan 3 raket alayının YARS-S-lərlə təminatı başa çatıb. 11 ədəd şaxtadan buraxılan YARS QBR də STRQ-yə təhvil verilib. Quru qoşunlarında 8-ci Ordunun, 18 diviziya və birləşmənin idarə heyətinin yeni strukturu formalaşıb. Hərbi birləşmələrə 2055 ədəd yeni və müasir silah sistemləri təhvil verilib, nəticədə üç birləşmə və 11 hərbi hissənin modernləşdirilməsi başa çatıb.


Onların arasında "Sodema" nişangahlı PDM-3M, gücləndirilən zirehlə təchiz olunan Т-72Б3М tankı, ÖAQ "Dilemma" ("MSTA-CM"), S-300V4 ZRK, "Buk-M2/M3" və "Тор-М2У/М2" ZRK–nı qeyd etmək olar. Hərbi Desant Qüvvələri 194 yeni zirehli maşınla təmin olunub. 199 ədəd PUA ordu silahlanmasına qəbul edilən yeni texnologiyalar sırasındadır.

Bu il nəhayət taktiki halqada idarəetmənin normal vəziyyətə gətirilməsi başa çatdırıldı.

HKQ-nin bir hissəsi olaraq hava nəqliyyat diviziyası və xüsusi təyinatlı hava diviziyası yaradılıb. 191 ədəd müasir təyyarə və helikopter, 143 ədəd yeni hava hücumundan və raketdən müdafiə silarları alınıb. S-400 ZRK ilə silahlanan 4 alay, həmçinin tərkibində S-300PM2 və "Pantsir" olan 4 ədəd ZRD döyüş növbətçiliyinə çıxarılıb. Dekabr ayından etibarən Erkən Xəbərdarlıq Sisteminin Vahid Kosmik Sistemi və 3 "Voronej" radiolokasiya stansiyası döyüş sınaq növbətçiliyinə qoyulub. Nəticədə, davamlı üst-üstə düşən radiolokasiya sahəsinin yaradılması başa çatıb.

HDQ-nin tərkibinə 10 döyüş gəmisi və kateri, 13 təminat gəmisi, 4 sahil mühafizə raket kompleksi "Bal" və "Bastion", gəmi əleyhinə "Uran-U" və "Oniks" raket sistemləri qəbul edilib. Dəniz aviasiyası 15 müasir təyyarə və helikopterə sahiblənib. Şimal Donanmasında 14-cü Ordu korpusu yaradılıb. Ağır və uzunmüddətli müzakirələrdən sonra dəyəri 340 milyard dollar olan yeni "Dövlət Silahlanma Proqramı"ndan (QPV-2027) sonra qəbul edildi.

Suriyada qələbələr ili

2017-ci ilin əvvəlində Suriya ordusunun RF-nin Silahlı Qüvvələri və müttəfiqlər ilə birgə hərəkət etməsinin belə əhəmiyyətli olacağını güman etmək çətin idi. Əslində ikinci dəfə Palmiranı İŞİD-dən geri almaq lazım idi.


Amma nəticədə Palmira azad olundu, Deyr əz-Zor mühasirədən qurtarıldı, Suhnu, Mayadin, Əbu Kamal və digər onlarla şəhərlərdə nəzarət bərpa olundu, hətta demək olar ki, bütün ərazilər tamamilə azad edildi. Suriya ordusu, Rusiya Silahlı Qüvvələri ilə bərabər, əvəzsiz döyüş təcrübəsi qazandı. Suriya birlikləri nəhayət kiçik addımlar atmağa deyil, manevrli bir müharibə aparmağa və qətiyyətlə hərəkət etməyi öyrəndi.

İlin əvvəlində heç kim Suriya Ordusunun hər ay 10-15 min kvadrat kilometr ərazisini azad edəcək surətlə irəliləyəcəyini gözləmirdi. Bundan əvvəl, ayda min kvadrat kilometr ərazini təmizlənməsi nadir hadisə idi. Əlbəttə ki, çox ərazilər səhra olsa da, minə yaxın yaşayış məntəqəsi də azad edildi.

Bu qələbələr, ABŞ-ın "antiterror koalisiyası"ndan gizli və bəzən də açıq bir şəkildə müxalifətə açıq dəstək şəraitində baş verirdi. Bu ilin sonunda İŞİD-lə müharibənin sona çatmasının tələsik qeyd olunması, RF-in qoşunların, o cümlədən 23 hərbi təyyarənin və 2 helikopterin Suriyadan çıxarılması, daha çox seçkiqabağı təbliğat gedişlərinə bənzəyir. Bu, Suriyadakı RF-nin mövcud hərbi kontingentinin 3-cu dəfə "azaldılması və çıxarılması" idi.

Əvvəlki "çıxarılma" əməliyyatlarından sonra qruplaşmanın tərkibi əhəmiyyətsiz dərəcədə dəyişib. Əsasən komponentlərin nisbəti dəyişirdi - gah döyüş helikopterləri azaldılır, qırıcılar artırılırdı və ya əksinə. Bu müharibədə bir çox yeni rus silahlarının - ağır odsaçan sistemi TOS-1A "Solntsepyok", YARS "Smerç" və "MSTA-B" ÖAQ-ın "xaç suyuna salınması" kimi də yadda qaldı.

Krımsız Ukrayna

Ukraynada antiterror əməliyyatları zonasında vəziyyət əvvəlki kimi ürəkaçan deyil. Ciddi hərbi uğur və nailiyyətdən danışmağa dəyməz.


Aİ ölkələri ilə Ukrayna arasında assosativ razılaşma imzalandı. Ukrayna Ordusunun NATO-ya üzv olması istiqamətində bütün qanunvericilik aktları qəbul edildi. Nəticə olaraq ABŞ və Kanada Ukraynaya yardımlarını dərhal artırdı. Gələn il isə cəbhə bölgəsində sülhməramlılar yerləşdirilə bilər.

Qafqazda ən qaynar nöqtə

Milli Ordumunun döyüş hazırlığı səviyyəsinin daha da yüksəltmək, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi üçün maddi-texniki bazanın inkişaf etdirmək, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirmək istiqamətində aparılan tədbirlər bu il də davam etdirilib.

Bütün səviyyədə olan qərargahlarda, idarəetmə məntəqələrində şəxsi heyətin biliyi, bacarığı, təcrübəsi və vərdişləri daim təkmilləşdirilir. Qoşunların döyüş hazırlığının çöl şəraitində, o cümlədən müəyyən hissəsinin gecə vaxtı, özü də birbaşa döyüş şəraitinə uyğun keçirilməsinə dah çox üstünlük verilib. Bununla əlaqədar döyüş hazırlığı planına uyğun olaraq, Silahlı Qüvvələrin bütün birlik və birləşmələrində, Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunda, o cümlədən Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, tank, artilleriya, kəşfiyyat, mühəndis-istehkam hərbi hissələrində, Xüsusi Təyinatlı Qüvvələrdə gündüz və gecə şəraitində müxtəlif səviyyəli irimiqyaslı təlimlər keçirilib. Müttəfiq ölkələrin müxtəlif qoşun növləri ilə müştərək hərbi təlimlər müvəffəqiyyətlə keçirilib.


Döyüş poliqonlarının və atəş sahələrinin təchizat məsələləri tam həllini tapıb. Şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi üçün müvafiq şərait yaradılıb. Burada əsas məqsəd ordunu gələcək döyüşlərə hazırlamaq, zabit və əsgərlərin qarşısında duran vəzifələrin yüksək səviyyədə icrasını təmin etməkdir.

Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Müdafiə Nazirliyinin döyüş hazırlığı planına uyğun olaraq keçirilən təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilər də cəlb edilib. Onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, müasir silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, düzgün istifadə və istismarı qaydalarını bilmək imkanı əldə ediblər. Eyni zamanda, Silahlı Qüvvələrimizin şəxsi heyəti beynəlxalq səviyyədə keçirilən müxtəlif təlimlərdə iştirak edir.

Keçən ilin avqustunda ilk dəfə Naxçıvanda, bu ilin aprelində Tbilisidə, mayında isə Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın möhkəmləndirilməsi və regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi məqsədilə müdafiə nazirlərinin üçtərəfli formatda görüşləri keçirilib.


Keçirilən görüşlərin mühüm nəticəsi ondan ibarət olub ki, təhsil və tibb sahələrində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərin əlaqələndirilməsi məqsədilə Üçtərəfli Koordinasiya Qrupu yaradılıb. Zaman-zaman cəbhə xəttində hadisələrin gərginləşməsi, baş verən lokal döyüşlərdə canlı qüvvə sarıdan xeyli sayda itki verən Ermənistan Silahlı Qüvvələrinin təxribat törətmək planlarının tam alt-üst edilməsi bir daha ordumuzun kifayət qədər gücə malik olduğunu sübuta yetirir.

Ermənistan tərəfi itkilərini gizlətməyə çalışır. Lakin biz işğal olunmuş ərazilərdəki vəziyyətdən tam məlumatlıyıq. Ermənistanda və işğal olunmuş ərazilərdə vəziyyət çox acınacaqlıdır. Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanda hökm sürən rejimdir. Düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir. Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, o cümlədən Yaxın Şərq regionundan - Livandan və Suriyadan muzdluları cəlb edir.

Azərbaycanın müasir tələblərə cavab verə biləcək güclü ordusunun formalaşdırılmasında, yüksək döyüş hazırlığının təmin edilməsində hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti var. Döyüş hazırlığının daha da artırılması məqsədilə hərbi təhsil sisteminə ciddi diqqət yetirilir. Bu sistem müxtəlif pilləli ardıcıl təhsil proqramlarını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələri şəbəkəsindən və təhsili idarəetmə orqanlarından ibarətdir. Bundan əlavə, zabit-gizir heyətinin peşəkar hazırlığının təkmilləşdirilməsi üçün biz bu gün xüsusi proqram tərtib edilib.


Bu il qondarma qurum Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qanunsuz "referendum" keçirdi. Bu "referendum"un keçirilməsi əslində onların böyük səhvi idi. Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma "tədbir"i tanımayacaq. Belə də oldu. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri – Amerika, Fransa, Rusiya "referendum"u tanımadılar. Avropa İttifaqı, o cümlədən qonşu ölkələr – İran, Gürcüstan da "referendum"u tanımadı. Bu qondarma "referendum"un tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir. Bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr bu münasibətləri ilə bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Başa çatan il Silahlı Qüvvələrimiz üçün əlmətdar hadisələrlə zəngin illərdən biri oldu. Hər gün Azərbaycanımızın ərazi bütövlüyünü təmin etməyə bir addım da yaxınlaşan Silahlı Qüvvələrimizin şəxsi heyətini bayram münasibəti ilə təbrik edirik, onlara qələbə müjdəli yeni il arzu edirik!

Hərbi eskpert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Rusiya-Çin   Suriya-böhranı   Donbas-Qarabağ  


Bizi "telegram"da izləyin