"Anlaşılan" nüans: Əfqanıstan Ömərdən Bin Ladenə neçə 11 Sentyabr fəlakəti yaşayıb? – Hərbi ekspert (ARAŞDIRMA)

2017/12/Brzezinski256456456_1513670904.jpg
Oxunub: 16673     15:59     19 Dekabr 2017    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)


1989-cu il fevralın 15-də son sovet əsgəri Əfqanıstanı tərk etdi. Kabil rejimi silahlı müxalifətə qarşı mübarizə meydanında tək qaldı. 1989-cu ildə Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra, vətəndaş müharibəsi nəinki sona çatmadı, hətta yeni təkanla alovlandı. ABŞ kəşfiyyat idarələri hakimiyyətdə olan sovetyönümlü Əfqanıstan Xalq Demokratik partiyasından olan iqtidarın 3-6 ay müddətində dağılmasını təxmin edirdilər.

Sovet İttifaqı tərəfindən yerli hakimiyyətə böyük sayda hərbi texnikalar əvəzsiz olaraq verildi. 1989-cu ildə ordu və hökumətə 1568 ədəd tank, 828 ədəd zirehli daşıyıcı, 4880 ədəd top, 126 ədəd modern döyüş təyyarəsi və 14 ədəd döyüş helikopteri verildi. Bundan əlavə, Əfqanıstan Demokratik Respublikası (ƏDR) Sovet İttifaqından iki il ərzində altı milyard dollar dəyərində böyük malliyə yardımı almağa davam etdi. Sovet hərbi məsləhətçiləri hələ də Əfqanıstanda idi. Həmçinin hökumət qüvvələri “Skad” raketlərini xeyli sayda istifadə edirdi: 1988-ci ildən 1992-ci ilədək Əfqanıstanda 2000-dən çox “Skad” raketindən istifadə edildi və bu, İkinci Dünya Müharibəsindən sonrakı dövrdə hərbi münaqişələrdə istehsal edilən və istifadə olunan ən çox sayda ballistik raket kimi tarixə düşdü.


Eyni zamanda, mücahidlər Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı, Pakistan və digər ölkələrin xarici maliyyə və hərbi dəstəyindən geniş miqyasda faydalanırdılar.

Əfqanıstanda dövlət orqanları üçün ağır mühit mövcud idi. Sovet qoşunlarının ölkədən çıxarılmasından dörd gün sonra fövqəladə vəziyyət elan edildi. Sovet qoşunlarının gedərkən saxladığı silah-sursatla bir qədər müqavimət göstərsələr də, sonradan SSRİ tərəfindən hərbi yardımın tamam kəsilməsi Əfqanıstanda demokratik rejimim süqutuna gətirib çıxardı.

Sovet generalı Lyaxovski "Əfqan faciəsi və ləyaqəti" kitabında bir məqama toxunur. O, Əfqanıstandan aprelin 13-də çıxan son 7 məsləhətçidən biri olan general Laqoşinin prezident Məhəmməd Nəcibullah ilə görüşündən bir fraqmenti öz kitabında işıqlandırıb. Prezident məsləhətçilərə Əfqanıstanı tərk etməyi tövsiyə edərək deyib: "Yaxın günlərdə hakimiyyət müxalifətə keçəcək. Mənim də bu vəzifədə ən çoxu 5 günüm qalıb. Düzdür, Sovetlər satqındır, amma Sizləri burdan salamat yola salmağı özumə borc bilirəm".

General Laqoşin daha sonra qeyd edir ki, aeroport rəhbərliyi bizə qarşı əlavə tələblər irəli sürdükdə, prezident şəxsən hava limanına gələrək məsləhətçiləri SSRİ-yə, Daşkəndə şəxsən yola salır.

Məhəmməd Nəcibullah sosialist fikirləri insan idi. Sovet İttifaqının seçdiyi lider olaraq SSRİ-nin dəstəyinə güvənirdi. Milli barışıq ideyasını irəli sürürdü. Onun məqsədi sünni və şiələri birləşdirərək, həmçinin digər tayfalar arasında mövcud olan düşmənçiliyə son qoymaq idi.


Ancaq Sovet İttifaqının dağılması əfqan rejiminə hərbi yardımın dayandırılmasına və bu dövlətin ordusunun hərbi texnika və yanacaqla təminatında problemlərə gətirib çıxardı. Dünya neft qiymətlərinin süni şəkildə bir barel üçün 15 dollardan 7 dollar səviyyəsinə qədər düşməsi səbəbindən Sovetlər İttifaqı bütün tərəfdaş ölkələrə yardımlarını 1992-ci ildən dayandırdı. Neft qiymətləri üzərində qurulan böyük bir imperiyanın həzin sonluğu Əfqanıstanla başladı.

Yardımların kəsilməsindən 4 ay sonra - 1992-ci il aprein 27-də müxalifət qüvvələri Kabilə daxil oldu, aprelin 28-də Sibqətullah Mocaddadi paytaxta gəldi və xarici diplomatların iştirakı ilə hakimiyyəti mövcud olan rejimin vitse-prezidentindən aldı. O, Əfqanıstan İslam Dövlətinin prezidenti, eləcə də Cihad Şurasının başçısı oldu. Ölkədə İslam diktaturası quruldu. Universitetlər və bütün əyləncə müəssisələri bağlandı, bütün din əleyhinə kitablar və spirtli içkilər qadağan edildi, dövlət qurumlarında məcburi namaz tətbiq olundu, qadınların hüquqları əhəmiyyətli dərəcədə məhdudlaşdırıldı. Ölkədə mücahidlərin hakimiyyətə gəlməsi ilə vətəndaş müharibəsi başladı. Düşmənçilik edən "İslam partiyaları" ilk növbədə əfqan paytaxtını məhv etdilər, onu xarabalığa çevirdilər və minlərlə öz soydaşlarını öldürdülər. "Kommunist rejimin" bir çox görkəmli xadimləri öldürüldü, bir vaxtlar Sovet İttifaqında təhsil görən yüz minlərlə hərbi və mülki mütəxəssis kənarda qaldı. Bəziləri xaricə köçmək məcburiyyəti ilə üzləşdilər, bəziləri isə öz təhlükəsizliyini riskə ataraq Əfqanıstanda qaldılar. Sonralar buna görə peşman olanlar da az olmadı.


Yeni Əfqanıstanın təhlükəsizlik orqanları və Silahlı Qüvvələri əsasən dağlardan enən, yazmaq və oxumaq bilməyən mücahidlər hesabına formalaşdı. Bütün peşəkar kadrlar və Əfqanıstan ziyalıları ya məhv edildi, ya da repressiyaya məruz qalaraq xaricə qaçdılar. Bəziləri isə Pakistan, Rusiyanın şəhərlərində küçə ticarəti ilə məşğul olurdu. Hakimiyyəti idarə etməkdə çətinlik çəkən Sibqətullah Mocaddadi hakimiyyəti tacik etnik qrupunun rəhbəri Bərhanuddin Rəbbaniyə ötürdü.

Lakin yenə də vətəndaş müharibəsi bitmədi. Puştunlar (Gülbəddin Hikmətyar), taciklər (Əhməd Şah Məsud, İsmail Xan) və özbəklər (Abdul-Rəşid Dustum) arasında mübarizə davam edirdi.

1994-cü ilin sonunda Rabbaninin lider kimi nüfuzu o qədər zəif idi ki, hökumətin varlığı praktiki olaraq hiss olunmurdu. Ölkə hələ də etnik tayfalar və qruplara bölünmüş vəziyyətdə idi. Klassik feodal-vətəndaş müharibəsi ölkənin hər yerində hiss olunurdu. Dövlət idarəçiliyi tam mərkəzsizləşdirilərək əvvəlki iqtisadi əlaqələr pozulmuşdu. Bu vəziyyətdə, Puştunlar arasında yeni bir radikal hərəkat olan “Taliban” (tələbə, öyrənən) meydana gəldi. Hərəkatın ilk lideri Molla Məhəmməd Ömər təyin olundu.


1996-cı il sentyabrın 26-da “Taliban” Kabilə doğru irəliləyir və gecə hücumu ilə şəhəri ələ keçirir. Şəhərin döyüşsüz təslim olduğu rəsmi olaraq elan edilir. Əfqanıstan İslam Əmirliyi adlı ölkənin qurulduğu elan edilir. Köhnə Rabbani hökuməti və Hikmətyar qaçaraq silahlı müxalifətə keçirlər. “Taliban” hakimiyyətə gəldiyi gün BMT-nin missiyasının binasında gizlənən keçmiş prezident Nəcibullahın və qardaşı Əhmədzaini həbs etdilər və paytaxt meydanında hər ikisini asırlar. Bir gün sonra İran, Hindistan, Rusiya və Orta Asiya respublikaları Nəcibullahın edamını qınadı. Diplomatik səviyyədə Əfqanıstan Biləşmiş Ərəb Əmirlikləri, Pakistan və Səudiyyə Ərəbistanı tərəfindən tanındı. ABŞ rəhbərliyi və BMT nümayəndələri də baş verənlərdən təəssüfləndiklərini bildirdilər, eyni zamanda Kabildəki yeni hakimiyyət orqanları ilə əməkdaşlığa və əlaqələr qurmağa hazır olduqlarını bəyan etdilər.

Bu qruplaşma davranış və hərəkətlərinə görə terror təşkilatlarından heç nə ilə fərqlənmirdi. Bütün dünyada hər mövzuda hər kəsə dayanmadan əxlaq dərsi verən ABŞ əli qanlı “Taliban” rejimi və onun rəhbəri Molla Məhəmməd Ömərlə hansı məsələlərdə əməkdaşlıq etməyi düşünürdü? Əlbəttə ki, SSRİ-nin süqutundan yararlanıb Əfqanıstanda istənilən rejimlə əlaqə qurmaqla Mərkəzi Asiyada mövqelərini mühkəmləndirmək, Rusiyanın sərhədlərinə daha yaxın ərazilərdə hərbi bazalarını inşa etmək, Əfqanıstanın və qonşu dövlətlərin bol yeraltı sərvətlərini sümürmək. “Rəqibimin rəqibi, mənim dostumdur” prinsipi burada da özünü biruzə verdi.


"Əl-Qaidə" terror qruplaşmasına və onun lideri Üsamə bin Ladenə sığınacaq verməsi və nadir tarixi əsərlər olan Buddanın Bamian heykəllərinin məhv edilməsi dünya ictimaiyyətinin gözündə “Taliban”ın mənfi imicinin daha da möhkəmləndiyini təsdiqlədi.

Almaniya Federativ Respublikası müdafiə nazirinin müavini Andreas fon Bülou, Almaniyanın "Şpiqel" qəzetinə 13 yanvar 2002-ci il tarixli bir müsahibəsində “Taliban” hərəkatının Mərkəzi Kəşfiyyat İdarəsinın dəstəyi ilə yaradıldığını bildirirdi.

ABŞ xüsusi xidmətlərinin həlledici dəstəyi ilə Əfqanıstan və Pakistan-Əfqanıstan sərhəddində ən azı 30 min nəfər döyüşçü hazırlanıb. Bu döyüşçü-fanatiklər o vaxtdan bu günə qədər ideyaları və ölkələri üçün “mübarizə” aparırlar. Onlardan biri də Üsamə Bin Laden idi. Bəzi mənbələr “Taliban”ın əslində amerikanlar və Səudiyyə Ərəbistanının dəstəyi ilə Üsamə Bin Laden tərəfindən yaradıldığını iddia edirlər.

Molla Məhəmməd Ömər, Üsamə bin Ladenlə Sovet-Əfqan müharibəsində (1979-1989) "Şurəvi"lərə qarşı birgə mübarizə apararkən dostlaşıb. Bin Laden "Sovet işğalı" zamanı cihad “qəhrəmanı” idi. Yayılan digər şayiələrə görə isə, Bin Laden Əfqanıstanın “Taliban” tərəfindən ələ keçirilməsini qismən maliyyələşdirib. 1996-cı ildə “Taliban” onu Sudandan qovulduqdan sonra Əfqanıstana dəvət etdi. “Taliban”ın elit döyüş bölmələri bin Ladenin döyüş düşərgələrində təlim keçirdilər.


Əlavə olaraq, Molla Ömər və Bin Ladeni qohumluq əlaqələri də bağlayırdı. Molla Ömər bin Ladenin ən böyük qızı ilə evli idi.

Sovet-Əfqanıstan müharibəsi zamanı Amerika, mücahidlərin lideri Gülbəddin Hikmətyarı dəstəkləyirdi. Maddi və hərbi yardım Pakistan vasitəsilə həyata keçirilirdi. Lakin 90-cı illərin əvvəllərində Hikmatiyar Bosniya və Somalidə müsəlmanların təqib edildiyinə göz yuman ABŞ ilə əlaqələrini kəsdi.

Amerika Birləşmiş Ştatlarının Əfqanıstanda hərbi maraqlarla yanaşı iqtisadi maraqları da var idi. Amerika konsorsiumu olan “Unocal”, Əfqanıstan vasitəsilə Türkmənistandan Hind okeanına qədər qaz kəmərini inşa etmək istəyirdi. Alternativ layihə - İran ərazisindən boru xətti çəkmək idi, lakin İrana tətbiq olunan ABŞ sanksiyaları buna imkan vermirdi.

Hikmətiyarla soyuyan münasibətlər bu tip layihələrin həyata keçməsinə imkan vermirdi. “Taliban” hərəkatının yaradılması ideyası sırf Amerika Birləşmiş Ştatlarına aiddir. ABŞ Dövlət Departamenti və böyük neft maqnatları "Taliban" kimi yeni bir qruplaşmanın yaradılması ideyasını, Pakistan və Səudiyyə Ərəbistanı ilə yanaşı dəstəklədilər.

Molla Ömər, bin Ladenin beynəlxalq layihələrini dəstəkləməməsinə baxmayaraq, bu tip layihələrə maneələr də törətmirdi. 1998-ci il avqustun 7-də Keniya və Tanzaniyada yerləşən ABŞ səfirliklərinin partladılmasından sonra, Vaşinqton, bin Ladenin sığındığı “Taliban”dan onun ekstradisiyasını tələb etdi. Molla Ömər bu tələbi rədd etdi. Daha sonra ABŞ-da 2001-ci il 11 sentyabr hadisələri baş verdi. Molla Ömərin bu dəfə də bin Ladeni qorumaq istəyi həm Molla Ömər, həm bin Laden, həm də Əfqanıstan üçün fəlakətlərə səbəb oldu.


ABŞ rəhbərliyi, 2001-ci il sentyabrın 11-də baş verən terror hadisəsini Əfqanıstan İslam Əmirliyinə hücüm etmək məqsədilə koalisya yaradaraq antiterror əməliyyatlarına başlamaq üçün bəhanə kimi istifadə etdi. Əməliyyatın məqsədi "Əl-Qaidə" terror təşkilatının lideri Üsamə bin Ladenı qoruyan, vaxtilə ABŞ tərəfindən yaradılan və maliyyələşdirilən “Taliban” rejimini devirmək idi. Oktyabrın 7-dən başlayaraq Əfqanıstan kütləvi aviasiya və raket zərbələrinə məruz qaldı, “Taliban” qüvvələri zəiflədi və Badaxşan dağlarında yerləşən silahlı müxalifət - Şimal İttifaqının irəliləməsinə səbəb oldu. Noyabrın 9-da silahlı müxalifət qüvvələri Məzari-Şərifə girdi, noyabrın 13-də isə “Taliban” tərəfindən tərk edilən Kabili ələ keçirdi. Dekabrın 7-də isə “Taliban”ın son “qalası” - Qəndəhar şəhəri də təslim oldu. “Taliban” hakimiyyətdən çəkildi. Devrildikdən sonra Molla Ömər həyatını Pakistanda davam etdirdi və Bəlucistan əyalətinın Kvetta şəhərinə sığındı. Məlumatlara görə, Molla Ömər 2013-cü ilə qədər Pakistanda yaşadı və orada öldü.

BMT Təhlükəsizlik Şurası 2003-cü ildə “Taliban”ı terror təşkilatı olaraq tanıdı.


Bu illər Əfqanıstan tarixində çox mübahisəli və mürəkkəb bir mərhələ olub. Hələ də bir çox qaranlıq və gizli məqamlar var. Lakin ən azından Molla Ömərin Qəndahar yaxınlığında kiçik bir kəndin heç də böyük olmayan məscid imamlığından Əfqanıstan tarixinin ən qanlı hərəkatına, sonra bütün islam aləminin ən qalmaqallı və mürəkkəb bir ölkəsinin rəhbərliyinə qədər yüksəlməsinin sirrinin zamanı gəldiyində açıqlanacağına ümid edirik.

Beynəlxalq ictimaiyyətin müdaxiləsi Şimal İttifaqına hakimiyyəti öz əlinə keçirməsinə imkan vermədi. Həmin ayda Əfqan tayfalarının Ağsaqqallar Şurasının toplantısı keçirildi. Uzun müddət davam edən tayfalararası müharibədən sonra atəşkəsə razılaşıb ilk keçid hökumətini yaratdılar və "dövlət quruluşu” formalaşdırdılar.

Bununla da ABŞ, NATO adı altında Əfqanıstanın işğalını başa çatdırır. “Taliban” isə bu günə qədər silahlı partizan hərəkatı kimi fəaliyyətdədir. Nəhayət, 2004-cü ilin yanvar ayında siyasi islahatlar istiqamətində ən mühüm addım atıldı - yeni konstitusiya qəbul edildi. Əsas Qanuna əsasən, ölkədə prezident üsül-idarə forması qəbul edildi. 2004-2014-cü illərdə Əfqanıstan İslam Respublikasını Dürranilər sülaləsindən bitərəf, püştun tayfasının lideri və ABŞ-ın Əfqanıstanda son müttəfiqi olan Zahir şahın yaxın dostu - Həmid Kərzai idarə etdi. Təbii ki, ABŞ-ən dəstəyi ilə.


2011-ci il mayın 2-də isə Əfqanıstan müharibəsinə səbəb olan bin Laden, Pakistanın Abottabad şəhərində yaşadığı evdə ABŞ-nın xüsusi təyinatlıları tərəfindən öldürüldü. Bu əməliyyatın detallarını digər yazılarda nəzərdə çatdırmağı düşünürük.

Sonradan ABŞ Əfqanıstanda uğursuz mübarizəsinə görə davamlı olaraq tənqid edən Həmid Karzaini bu postda 2014-cü ildə, əvvəllər maliyyə naziri və Kabil Universitetinin rektoru vəzifələrində çalışan Əşrəf Qani Əhmədzai əvəz etdi. Amma Əfqanıstanda çox ciddi dəyişiklik olmadı. Əhalinin təxminən 10 faizi, yəni 2,5-3 milyon yerli əhali yenə də ildə 10 milyard dollarlıq narkotik dozası istehsal edərək gənclərin həyatı bahasına yaşayırlar. “Taliban”ın dövründə də vəziyyətin fərqli olmasını iddia edə bilmərik.

Bu plantasiyaları həm havadan, həm də qurudan görən, “Əfqanıstan xalqını qorumaq” adı ilə ölkəyə gələnlərin heç bir tədbir görməməsi isə həm qəribə, həm də təəccüblüdür. Bəlkə, bu ağ ölümün Amerikaya gedib çıxmadığı üçün tədbir görmürlər?!

Əfqanıstanın özünə gəlincə, burda müharibənin nə vaxtsa bitəcəyinə inanmaq istərdim. Lakin inana bilmirəm. Xarici düşmən varsa, onunla, yoxdursa, öz aralarında mövcüd olan köhnə münaqişə mövzularını alovlandırıb savaşacaqlar. Silahsız, döyüşsüz və narkotiksiz Əfqanıstan vətəndaşını təsəvvür etmək və zehində canlandırmaq təəssüf ki, bir o qədər də asan deyil.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   ABŞ   Terror  


Bizi "telegram"da izləyin