Azərbaycan- Pakistan münasibətlərinin tarixi çox qədimdir. Təxminən beş yüz il öncə Bakı xanları o zaman Şərq və Qərbin qovşağunda, məşhur İpək yolunun üstündə yerləşən Azərbaycana səfər edən Pakistanın Multan şəhərindən olan tacirlər üçün karvansara - Multan karvansarası inşa etdiriblər. O vaxtlar Multandan olan tacirlər bu günədək adını qoruyub saxlamış karvansarada qalaraq, buranın əvəzolunmaz qonaqpərvərlik imkanlarından istifadə edirdilər. İşərişəhər Milli qoruğunda yerləşən Multan karvansarası dəyərli mədəni və tarixi irs kimi Azərbaycan hökuməti tərəfindən mühafizə edilir.
Bu dostluq əlaqələrinin davam etdirilməsində Azərbaycan xalqının böyük oğlu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin də xidmətləri böyükdür. Belə ki, XX əsrin əvvəllərində, Pakistan ərazisi Böyük Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi epidemiya yayılır. İnsanlar bu ağır xəstəlikdən kütləvi şəkildə dünyasını dəyirşirdi. Həmin vaxt azərbaycanlı milyonçu H.Z.Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alaraq Pakistan ərazisinə göndərir. Bununla da epidemiyanın qarşısı alınır. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı öz tarix dərsliklərinə daxil edirlər. Beləliklə, Pakistan əhalisi Azərbaycanı özlərinə dost və doğma ölkə kimi tanımağa başlayır.
Bu xeyriyyəçilik ənənələri bu gün də qorunub saxlanılır. 2007-ci ildə Pakistanda baş vermiş zəlzələ zamanı Azərbaycan Pakistana böyük yardım göstərib. Zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycandan qırx həkim, xeyli dərman, avadanlıq və təlim keçmiş xilasedici dəstə bu bölgəyə göndərilib, Pakistana 1,5 milyon dollar həcmində maddi yardım edilib.
Heydər Əliyev Fondu Pakistanın zəlzələdən dağılmış Müzəffərabad şəhərinin Rara qəsəbəsində müasir orta məktəb inşa etdirib. 2008-ci ilin fevralın 9-da məktəb təntənəli surətdə şagirdlərin ixtiyarına verilib.
Heydər Əliyev fondunun xəttilə Pakistanda zəlzələdən zərərçəkmiş ərazilərdə bir sıra humanitar aksiyalar həyata keçirilib. Hazırda da dərin tarixi olan dostluq münasibətləri yüksək səviyyədə davam etdirilir.
Pakistan da öz növbəsində Azərbaycanı bütün hərbi-siyasi platformalarda tam dəstəkləyir.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulub. 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib.
1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb.
1996-cı ilin aprelin 9-da isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan prezidentləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-brilərini dəstəklədiklərini bəyan ediblər. Bu günə qədər Pakistanda və Azərbaycanda hakimiyyətdə kimim olmasından asılı olmayaraq bu münasibətlər daim yüksək səviyyədə olub. Nəticədə, 1997-ci ilin avqust ayında İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb.
Qeyd edək ki, Qarabağ müharibəsi zamanı da Pakistan Azərbaycana dəstək verib. Belə ki, pakistanlı hərbi mütəxəssislər ordumuza dəstək məqsədilə ölkəmizə gəlib, hərbi hissələrdə təlimatçı olaraq qüvvələrimizi yetişdirib. 2016-cı ilin aprel hadisələri zamanı da, pakistanlı generallar Azərbaycana hərbi yardım göndərəcəyi və lazım gələrsə 100 minlik ordusunu hazır vəziyyətə gətirəcəyi barədə bəyanatlar verdi.
Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləməkdə və müdafiə etməkdə davam edir. BMT qətnaməsinə əsaslanaraq Azərbaycan Respublikası da Pakistanı Kəşmir probleminin həll edilməsində dəstəkləyir.
Maraq doğuran bir sıra qarşılıqlı məsələlər üzrə, bu iki ölkə arasında əməkdaşlıq mövcuddur. Pakistan və Azərbaycan Prezidentlərinin çoxsaylı qarşılıqlı səfərləri zamanı iqtisadi, siyasi, hərbi və mədəni sahələrdə əməkdaşlığa dair mühüm müqavilələr imzalanıb. Bu müqavilələr dost ölkələr arasındakı əlaqələri daha da möhkəmləndirir. Tez-tez baş verən yüksək səviyyəli qarşılıqlı səfərlər regional məsələlər üzrə iki ölkə arasında mövcud olan mövqelərin oxşarlığına və qarşılıqlı əlaqələrin daha da inkişaf etməsinə səbəb olur. Ölkələr müxtəlif sahələrdə ikitərəfləi əməkdaşlıq etmək üçün bir sıra mühüm sazişlər imzalayıb.
Pakistan müdafiə sənayesi çox müasir və iqtisadi cəhətdən sərfəli silah və hərbi texnologiya istehsal edir. Rusiyanın Ermənistana verdiyi "İskəndər" OTRK-lərinə cavab olaraq Azərbaycan Pakistandan orta mənzilli OTRK-lər ala bilər. Avropa ölkələri bəzi sanksiyalar və ya digər səbəblərdən Azərbaycana müəyyən silah və sistemləri satmaqda bəzən tərəddüd edir. Pakistan isə tam əksinə olaraq istənilən silah sistemlərini və yeni texnologiyanı Azərbaycana məmniyyətlə verməyə hazırdır. Əsl dostluq nümunəsi budur.
Qeyd edək ki, Pakistan silah-sursat tədarükü sahəsində Azərbaycanın uzunmüddətli tərəfdaşıdır. Azərbaycan Pakistandan "JF-17 Thunder" qırıcıları, "Super Mushshak" təlim təyyarələri, "Şahin" orta mənzilli ballistik raketlərini, raditexniki kəşfiyyat vasitələri, gecə gürmə vasitələri, rabitə vasitələri və müasir termal kameralar və s. idxal edir. Yaxın zamanlarda 1000 və 1500 kilometr radiuslu "Hətf " ballistik raketlərinin də arsenalımızda görə bilərik. Adı çəkilən qırıcıların üstün cəhəti onun həm Rusiya, həm də NATO-da istehsal olunan sursatlarından istifadə edə bilməsidir.
Pakistan Pekindən raket texnologiyasını alır və Çin ilə aviasiya sahəsində əməkdaşlıq edir. Bu sahələr də Azərbaycan üçün maraqlıdır.
Azərbaycan Ordusu hərbi təhsil sahəsində Pakistanın müdafiə qurumlarının xidmətlərindən geniş istifadə edir. Alınan qırıcıları idarə edəcək pilotların Pakistanda hazırlıq kurslarına cəlb olunur. "Kiçik zabitlərin qərargah kursu", "Zabitlərin təkmil kəşfiyyat kursu", "Antiterror təlim kursu", "İngilis dili kursları" və s. Azərbayacan Ordusunun yararlandığı hərbi tədris proqramlarının bir hissəsidir.
2017-ci ilin noyabrın 23-də Azərbaycanın müdafiə naziri ilə Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri arasında əvvəl təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın mövcudluğundan, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluğunu bildirib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Bu münaqişənin həlli ilə bağlı Pakistanın Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməsinə görə minnətdarlığını bildirən nazir vurğulayıb ki, Azərbaycan da Pakistan İslam Respublikasının ərazi bütövlüyünü dəstəkləyir.
Görüşdə iki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı, eləcə də Hərbi Hava və Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Səhəri gün, 2017-ci ilin noyabr ayının 24-də isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı məmnunluq hissi ilə qeyd olunmuş, sərhəd təhlükəsizliyi və hərbi-texniki əməkdaşlıq sahələrində qarşılıqlı faydalı münasibətlərin perspektivləri müzakirə edilmiş, bu əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq əlaqələri müxtəlif istiqamətlər üzrə yüksələn xətlə inkişaf edir.
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın mövcudluğunun və dərinləşməsinin aşağıdakı bir neçə səbəbi vardır:
- Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olması, hər iki ölkənin qonşuları tərəfindən oxşar ərazi iddialarına məruz qalmaları və bir-birinin ərazi bütövlüyünə açıq dəstək verməsi,
- Əfqanıstanda baş verən proseslər nəticəsində Qərbin sıx tərəfdaşı olan Pakistanla Azərbaycanın hərbi əməkdaşlığın genişlənməsinin Qərb tərəfindən dəstəklənməsi,
- Vaxtilə Pakistanın hərbi-siyasi rəhbərliyinin Qərblə əlaqələrinin sıx olması, bu səbəbdən Pakistan Silahlı Qüvvələrində tətbiq olunan qaydalar, istifadə edilən silah və hərbi texnikanın NATO standartlarına uyğunlaşdırılması və s. proseslər bu ölkəni Azərbaycan üçün cəlbedici etməsi,
- 2006-cı ilə qədər istər Bakıda, istərsə də İslamabadda Türkiyə — Azərbaycan — Pakistan arasında hərbi müttəfiqlik münasibətlərinin mövcudluğu barədə rəsmi baxışların olması,
- Pakistanın istehsal etdiyi silah və hərbi texnikaların qiymətlərinin uyğun olması,
- Pakistanın hərbi dəniz qüvvələrinin (HDQ) inkişaf etmiş durumda olması, bu ölkənin HDQ üçün əhəmiyyətli infrastruktur imkanlarına malik olması və s.
Hərbi-ekspert Ədalət Verdiyev
Ordu.az