Dünyanı lərzəyə gətirən Nüvə çantaları – RUSİYA (Araşdırma+Fotolar) - I Yazı

2017/11/572094654d1b3b4a24bb1423029172_nuve-chemodani4_7557643070.jpg
Oxunub: 12236     21:01     24 Noyabr 2017    
Nüvə klubu - nüvə silahına sahib olan ölkələr qrupu belə adlanır. Bu qrupa ABŞ (1945-ci ildən), Rusiya (1949-cu ildən), Böyük Britaniya (1952-ci ildən), Fransa (1960-cı ildən), Çin (1964-cü ildən), Hindistan (1974-cü ildən), Pakistan (1998-ci ildən), KXDR (2006-ci ildən) və İsrail (baxmayaraq ki, ölkə rəhbərliyi nüvə silahlarının mövcudluğuna dair şərh vermir, ekspertlər isə hesab edirlər ki, İsrail dövləti 1960-cı illərin sonundan və ya 1970-ci illərin əvvəllərindən nüvə silahına malikdir) daxildir. Bundan əlavə, Amerikanın nüvə silahları bir sıra NATO ölkələrində (Almaniya, İtaliya, Türkiyə, Belçika, Hollandiya, Kanada) və müttəfiq ölkələrdə (Yaponiya və Cənubi Koreyada) yerləşdirilib.

Bu ölkələrdən 20-ci əsrdə yalnız ABŞ və Rusiya "nüvə üçlüyü"nə malik olub, yəni həm qurudan, həm havadan, həm də sudan nüvə zərbəsi endirmək qabiliyyətindədirlər. Sonradan bu siyahıya Çin də əlavə olundu. Fransa və Hindistan isə bu istiqamətdə inamla irəlləyir.

33 il əvvəl - 1984-cu ildə SSRİ-nin nüvə güclərinin döyüş növbətçiliyinə "Kazbek" avtomat idarəetmə sistemi qəbul edildi. Bu sistem nüvə silahından istifadə etməyə icazə verən, geniş oxucu kütləsinə, xüsusilə hərbçilərə "Çeqet" adı ilə məlum olan abunə kompleksi və ya sadəcə nüvə çantasıdır.


Biz isə Qafqaz dağlarının zirvələrinin adını daşıyan bu kopleksin və çantanın necə işlədiyini, nüvə düyməsinin harda olduğunu öyrənməyə çalışaq.

Nüvə çantasının tam adı belədir: "Kazbek" Strateji nüvə qüvvələrinin avtomat idarəetmə sisteminin "Çeqet" abunə kompleksi. Bu çantanı cavab zərbə aləti də adlandırmaq olar. Bu kompleks Rusiyaya raket hücumu haqqında siqnal daxil olduqdan sonra fəaliyyətə keçir.

Birincisi, raket hücumunun erkən xəbərdarlıq sistemindən hücum haqqında siqnal gəlir. Siqnal Moskvadan 52 km məsafədə yerləşən Solneçnoqorsk şəhərindəki 514-cu raket hücumundan xəbərdaretmə komanda mətəqəsinin (12556 saylı hərbi hissə) növbətçi generalı tərəfindən yoxlanıldıqdan sonra "Kazbek" sistemi döyüş rejiminə keçirilir.



Bu çantadakı rabitə qurğusu Ali Baş Komandanın Müdafiə Naziri, Baş Qərargah rəisi və Strateji Təyinatlı Raket Qüvvələrinin (STRQ) komandanı ilə əlaqə yaratmaq üçün nəzərdə tutulub. Sözsüz ki, məlumat səslə deyil, şifrəlı simvollarla ötürülür. Əlaqənin ələ keçirilməsi, bağlanması və ya kəsilməsi mümkün deyil.

Sovet İttifaqı rəhbərliyi ABŞ-ın ani nüvə hücumundan ciddi narahatçılıq keçirdiyi 70-ci illərdə ölkənin nüvə potensialını mobil şəkildə - uzaqdan idarə etmək üçün bir sistem yaradılması qərarını qəbul edir. Həmin illərdə ölkə rəhbərliyi raket hücumuna başlamaq əmrini STRQ komanda məntəqəsinə gələrək verə bilərdi. 400 kiloton başlıq ilə Avropadan Moskvaya büraxılan "Pershing-2" ballistik raketlərin uçuş vaxtı isə cəmi yeddi dəqiqə idi. Vaxt itkisinin qarşısını almaq və ölkə rəhbərinin istənilən yerdən təcili qərar qəbul etməsi üçün belə bir mobil sistemə ehtiyac var idi.

Düymə harada və kimdədir?


Nüvə çantası ilk dəfə SSRİ-nin Baş katibi Leonid İliç Brejnev üçün hazırlanırdı. Çanta çox sadə layihə əsasında hazırlanmalı idi ki, yaşlı Leonid İliç üçün onu işlətmək asan olsun. Doğrudur, Brejnev "Çaqet"lə tanış ola bilmədi - sistemi vaxtında tam hazır vəziyyətə gətirə bilmədilər. Onun sələfi Yuri Andropov da çantanı görə bilmədi. Çantanın ilk nümunəsi 1983-cü ildə SSRİ-nin müdafiə naziri Dmitri Ustinov və Baş qərargah rəisi Nikolay Oqarkovla təcrübədən keçirilməyə başladı. Bir il sonra, "Çeqet" Baş katib Konstantin Çernenko tərəfindən qəbul edildi. Yenidən bir il sistemin müxtəlif rejimlərdə tammiqyaslı sınaqları davam etdi. Bütün funksiyaları tam yerinə yetirən çanta SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçova verildi. Sovet İttifaqının sonuncu rəhbəri çanta ilə maraqlanmadı, “Bunun üçün mütəxəssislər var” dedi. Rusiya prezidentlərindən bu sistemdən aktiv istifadə edən tək V.Putindir. O, son dəfə bu çantadan 2017-ci ilin 26 oktyabrında Rusiyanın strateji nüvə qüvvələrinin kompleks təlimləri keçirilərkən istifadə edib. Təlimlərdə Rusiya pezidenti və MN-in rəhbər vəzifəli şəxsləri iştirak edirdi. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri D.Peskovun sonradan verdiyi məlumata görə, prezident 4 ədəd ballistik raket buraxılışını şəxsən həyata keçirib.


Döyüş növbətçiliyi rejimində daim 3 şəxsdə "Çaqet" var: dövlət başçısı, müdafiə naziri və Baş qərargah rəisi. Çantaların üçü də eynitiplidir və hamısında "Nüvə düyməsi" mövcüddür. Bu düymə STRQ komanda məntəqələrinə nüvə silahından istifadə etməyə icazə verən kod göndərir. Lakin raketlərin buraxılması üçün əmr, hər üç çantadan eyni kod daxil olduqda verilir.

Əlbəttə ki, çantaların ümumi sayı üçdən çoxdur - onlar dəyişmək, yoxlamaq, təmir etmək lazım olur. Boris Yeltsində olan çantanın nömrəsinin 51 olmasını prezident təhqir kimi qəbul etmişdi. Dərhal 51 nomrəsi 1 ilə əvəz edilmişdi.


"Çeqet" operatoru vəzifəsinə adətən polkovnik-leytenant və ya polkovnik rütbəli bir zabitdir təyin olunur. "Çeqet" abunə komleksini və ya sadəcə nüvə çantasını daşıyan yüksək rütbəli zabitə xüsusi rabitə ilə təchiz edilən bir avtomobil də təhkim olunur. Rabitə qoşunlarında xidmət edən zabit həmişə sualtı dənizçilərə aid uniformada olur. Bu bir ənənədir. Deyilənlərə görə, bu uniforma hər zaman rəhbərliyin diqqətini cəlb etdiyi üçün məqbul hesab edilib. Digər versiyaya görə, nüvə arsenalının böyük hissəsinin Hərbi Dəniz Qüvvələrindəki sualtı qayıqlarda saxlanılması bu çanta operatorlarının da sualtı dənizçilərin uniformasından istifadəsinin əsas səbəbidir. Üçüncü versiyaya görə isə, SSRİ-nin ilk və son birinci xanımı ABŞ-da bu vəzifədə olanları hərbi dənizçi formasında gördükdən sonra eynisini öz ölkəsində tətbiq olunmasını tələb edib.

İlk operatorlar şəxsən "Kazbek" layihəsinin kuratoru, Baş qərargahın əməliyyat idarəsini rəisi İvan Nikolayev tərəfindən seçilirdi. O, ciddi yoxlamalardan keçərək seçilən namizədlərin intellektual və mədəni səviyyəsini, pis vərdişlərini, dözümlülüyünü, savadını, çevik düşünmə qabiliyyətini və yüksək rəhbərlik qarşısında sərbəst davrana bilmələrini xüsusi diqqətlə şəxsən yoxlayırdı. İnsan tək, eyni otaqda, eyni vəziyyətdə yarım gün, bəzən də bir gün birinci şəxsin yanında olmalıdır. İcazəsiz rəhbərliyə müraciət etməməli, diqqətli olmalı, yatmamalı, içməməli, çəkməməli, artıq heç bir hərəkətə yol verməməli və s. ölkənin nüvə təhlükəsizliyinə cavabdehlik daşıyan bir zabitin malik olduğu keyfiyyətlərin az bir hissəsidir.


Norveç sahillərində yerləşən adadan dünyanın ən böyük meteoroloji raketi olan "Black Brant XII" buraxıldıqdan sonra "Çeqet" ilk dəfə 25 yanvar 1995-ci ildə döyüş vəziyyətinə gətirildi. Onun uçuş trayektoriyası sualtından buraxılan Amerikaya məxsus "Trident" QBR trayektoriyasına bənzəyir. Raketin marşrutunun son nöqtəsi, Rusiyanın raket hücumundan xəbərdarlıq sisteminin radarlarını məhv edəcək nüvə hücümuna bənzəyirdi. Əslində Norveç rəhbərliyi Rusiya tərəfini əvvəlcədən xəbərdar etmişdi. Rusiyanın XİN-də xəbərdarlığın itməsi, növbəni təhvil verən generalın digərinə məlumatı ötürməməsi az qala böyük bir fəlakətə gətirib çıxaracaqdı. Son anda vəziyyətə aydınlıq gətirildi. Ertəsi gün Rusiya prezidenti Boris Yeltsin ilk dəfə nüvə çantasından istifadə etdiyini söylədi.

Rusiya nüvə qüvvələrini idarə etmək üçün nəzərdə tutulan "Kazbek" sisteminə alternativ mövcuddur. "Perimetr" və ya NATO-da "Dead Hand" (Ölü Əl) adlanan sistem, ölkənin və ordu rəhbərliyi komanda məntəqələri ilə birlikdə tamamilə məhv olsa belə insan müdaxiləsi olmadan fəaliyyət göstərir və cavab zərbəsinin endirilməsini təmin edir.

(Ardı var)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin