Lakin bu da bəlli idi ki, hər iki supergücün özünün uzun perspektivə hesablanmış və çərçivələri cızılmış strategiyaları var, prezidentin kim olmasından asılı olmayaraq bu xarici siyasi kurs dəyişməyəcək.
Elə əslində belə də oldu – Rusiyanın sürətlə silahlanması, Amerikanın da buna adekvat tədbirləri onu göstərdi ki, “iki qoçun başı bir qazanda qaynamaz”.
Qərbin nüfuzlu nəşrləri və analitikləri hesab edirlər ki, Rusiya qəsdən “Orta və kiçikmənzilli raketlərin ləğvi” haqqında müqavilənin şərtlərini pozur.
Qeyd edək ki, müqavilə 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanıb. Müqaviləyə görə, uzaqlığı 500-5500 kilometrə qədər çatan raketlərin istifadəsi qadağan edilirdi. Bununla da 2962 ədəd SSRİ və ABŞ raketləri məhv edilmişdi.
Lakin görünən budur ki, Rusiya əzələ nümayişindən əl çəkmək istəmir və buna görə də müasir silahlarını bütün dünyaya nümayiş etdirir.
Bu da bəllidir ki, Rusiyanın NATO-ya qarşı əzələ nümayişi SSRİ ritorikasının mirasıdır.
Tarixə ekskursiya
Varşava Paktında yerüstü güclərin hücum və müdafiə taktikasında olduqca önəmli rola malik olduğu vurğulanırdı. SSRİ strateqlərinin ABŞ və NATO-ya qarşı hazırladıları məxfi hərbi doktrinaya görə, yerüstü qüvvələr gözlənilməz hücum halında nə qədər sürətli hərəkət etsələr, NATO-nun hərbi hava və dəniz qüvvələri də daxil olmaqla, bir sıra mühüm obyektlərini sıradan çıxaracaqlar.
Amerikanın nüfuzlu “The National İnterest” nəşri yazıb ki, plana görə SSRİ Qərbi Almaniyanı təslim olmağa məcbur edəcək və NATO-nun yerdə qalan üzvlərinin mübarizə əzmini qıracaqdı.
Sözügedən nəşrin yazdığına görə, bu plan 1970-ci illərin sonunda hazırlanıb və ssenari belə olub ki, Varşava Paktına üzv dövlətlər Qərbi Almaniyanı tez tutmaqla NATO-nu məğlubiyyətə düçar edəcəklər.
Yəqin SSRİ rəhbərliyi belə düşünürmüş ki, NATO ön mövqelərdə möhkəmlənməyə çalışacaq və taktiki nüvə silahlarından istifadə etməyəcək.
Polşa hökuməti SSRİ dağıldıqdan sonra müharibənin necə aparılacağı planını özündə ehtiva edən məxfi sovet sənədlərini açıqladı.
Bu qorxulu planın adı belə idi: “Reyn çayına qədər 7 gün”.
“Reyn çayına qədər 7 gün” konsepsiyasına əsasən, SSRİ-nin nüvə gücləri Hamburq, Düsseldorf, Köln, Frankfurt, Ştutqart, Münhen şəhərlərini və Brüsseldəki NATO qərargahını dağıtmalı idilər. Ekspert çevrələri hesab edirlər ki, bu qorxunc ssenari baş tutsaydı, NATO-nun “başı kəsilərdi” və təşkilata üzv dövlətlərin hökumətləri öz funksiyalarını yerinə yetirmək imkanından məhrum olardılar. Bir sözlə, bu, SSRİ-nin NATO ölkələrinə gözlənilməz hücum planı idi və kim bilir, baş tutsaydı, nələr olacaqdı.
Rusiya, ikinci SSRİ kabusunu yaşadır
Düzü, Rusiya nə qədər hərbi gücünə güvənsə də, bu, onun supergüc olması üçün yetərli deyil. Supergüc olmaq üçün kriteriyalar var, Rusiya isə bu kriteriyalardan yalnız birinə tam gücü ilə cavab verir – bu isə onun hərbi potensialıdır.
Fövqəldövlət olmaq üçün digər iki meyara isə Rusiya cavab vermir – bu, müttəfiqlərin çoxluğu və böyük iqtisadi gücdür. Rusiya hələ ki, digər 2 məsələdə Amerikadan çox-çox geridə qalır.
Doğrudur, Rusiyanın sanksiya blokadasını yarmaq üçün hərbi gücü kifayət deyil, bununla belə, SSRİ-nin xələfi əzələ nümayişindən hələ də təzyiq metodu kimi yararlana bilir. Lakin, Moskvanın güc nümayiş etdirməsini başa düşməmək də sadəlövhlük olardı, çünki dünya hazırda müharibəyə hamilədir – bu mənada hərbi gücün olarsa, proseslərə yön verə bilərsən ya da asanlıqla diktə etmək gücünü özündə taparsan.
Hazırda Rusiyanın Latviyanın, Litvanın, Estoniyanın, Norveçin ərazisinə müdaxilə edəcəyi perspektivi yenidən aktuallaşıb, bəzi Qərb çevrələri bununla bağlı həyəcan təbili çalmaqdadır.
Lakin Amerikanın hərbi araşdırmalar üzrə ixtisaslaşmış, Moskvaya münasibətdə davakar mövqedə olan nüfuzlu “RAND Corporation” şirkəti isə belə hesab edir ki, Rusiyanın NATO üzvü olan ölkələrə hücum etmək ehtimalı çox aşağıdır.
“Bizim analizimiz göstərdi ki, Rusiyanın adi silah tətbiqinə qarşı NATO üzvlərinin davam gətirmək qabiliyyəti yüksəkdir. Güman edirik ki, Rusiyanın NATO-ya qarşı yaxın vaxtlarda hücum edəcəyi ağlasığmazdır. Mümkündür ki, Rusiya NATO və ABŞ-a qarşı getmək üçün başqa üsullardan istifadə etsin” – “RAND”-ın sonuncu hesabatında belə deyilir.
Lakin, Norveçdə fərqli düşünürlər. Norveçin silahlı qüvvələrinin keçmiş komandanı Sverre Diesen bildirib ki, Rusiya arsenalında olan silahları Norveçə tuşlaya və hədəfləri vura bilər. Bunun üçün isə Rusiyanın beynəlxalq sulardakı gəmilərindən və döyüş təyyarələrindən istifadə edə biləcəyini deyib. Onun sözlərinə görə, Rusiyanın ehtimal olunan hücumlarına cavab vermək üçün Norveç müasir müdafiə sistemlərinin əldə edilməsinə baxmalıdır.
“Vəziyyətin bu cür inkişafı təhlükəlidir. Norveç də adekvat cavab verə biləcək silahlara malik olmalıdır” – Diesen bildirir.
Norveçin silahlı qüvvələrinin Elmi tədqiqat institutunun əməkdaşı Tor Bukkovl isə qeyd edir ki, Rusiya uzaq məsafədən asan idarə edilən qanadlı raketlərə sahibdir və onlar təyyarələrdən, gəmilərdən, yerüstü məkanlardan buraxıla bilər. Onun fikrincə, Rusiya 2008-ci ildən bu yana sürətli silahlanmaya üstünlük verib. Buna görə də, bir çox ekspert çevrələri kimi Bukkovl da Rusiyanın yeni müharibə başlada biləcəyi riski üzərində düşünür.
Rusiyanın ilhaq etdiyi Krımda “Kalibr” raketlərini yerləşdirməsi barədə yayılan xəbərlər də Avropa üçün qorxulu kabusa çevrilib.
Qərb mətbuatı yazır ki, Rusiya buradan çox asanlıqla Praqa və Berlini vura bilər. (Nüvə başlıqları ilə təchiz edilə bilən “Kalibr” raketləri həmçinin Kalininqradda da yerləşdirilib. Görünən budur ki, Rusiya əzələ nümayişindən əl çəkmək istəmir və buna görə də müasir silahlarını bütün dünyaya nümayiş etdirir. Düşünmək olar ki, Rusiya “Kalibr”lərlə potensial rəqibi sakitcə nişan alıb, onu zərərsizləşdirə bilər - qırmızı düymənin basılması kifayətdir ki, Avropa ölüm zonasına çevrilsin. Hələ nəzərə almaq lazımdır ki, Rusiya “Kalibr” raketləri ilə Amerikanı qorxutmaq üçün istifadə etmir, o yalnız regional səviyyədə təhdid doğurur.
Bu mənada Rusiya region üçün ciddi təhdid olaraq qalmaqdadır. Lakin bir sual hələ də açıq qalır, görəsən həqiqətən də müharibə başlasa qorxulu silahlar tətbiq olunacaqmı? Ancaq daha real çərçivədə yanaşanda Rusiyanın bu ölkələrə güc tətbiq edəcəyi mücərrəd görünür.
ABŞ-ın nüfuzlu “The National İnterest” nəşri yazıb ki, Rusiyanın Baltikyanı ölkələrə hücum etmək üçün imkanları məhdudlaşdırılıb. Səbəbi budur ki, Rusiyanın silahlı qüvvələrinin çox hissəsi başqa regionlarda cəmləşdirilib, onları yığıb bir araya gətirmək üçün sərf edilən vaxtda isə NATO əks-hücum edə bilər.
Bundan başqa Kremlin Baltikyanı ölkələrdə yaşayan rus icmalarına effektiv təsir göstərmək imkanları yoxdur. Görünən odur ki, Moskva Baltikyanı ölkələrə soxulmaq istəsə belə, o, adi hərbi vasitələrə müraciət edəcək.
Analitik Maykl Hofman bildirib ki, bu regionda Rusiyanın fitnəkar hərəkətlərinə baxmayaraq, onların qoşunları əsasən müdafiə rolunu oynayırlar. Yəni, bu o deməkdir ki, Rusiyanın buradakı qoşunlarının yenilənməsi tələb olunur.
Hofman bildirib ki, Baltikyanıda müharibə başlayarsa və adekvat olaraq NATO Rusiya ərazisinə girərsə, bu zaman Moskva nüvə zərbələri endirə bilər. Bu zaman isə bəşəriyyət dəhşətli müharibəyə qədəm qoyar.
Hansı güclüdür?
Aparılan araşdırmalara görə, son on illikdə ABŞ-da tank istehsalı aşağı səviyyəyə düşüb. Ölkədə tank istehsal edən yeganə müəssisə Ohayo ştatındakı Lima zavodudur. Bu zavod ildə cəmi 12 “Abrams” tankı buraxır.
Lakin Rusiya Avropadakı qoşunlarını yeni nəsil tanklarla təchiz etmək niyyətindədir və onlar Amerikanın müvafiq texnikalarından daha dözümlüdür.
Bu isə, ABŞ-ın quru qoşunlarında ağır zirehli tank texnikası sahəsində böhranın başlanmasıdır. ABŞ Konqresi ölkədə tank istehsalının artımı ilə bağlı tədbirlər görmək istəsə də, bunun yüksək səviyyəyə qaldırılması üçün hələ çox vaxt lazımdır.
Rusiya isə öz regionunda zirehli vasitələrin sayında üstünlüyə malikdir. ABŞ-ın müttəfiqləri olan Almaniya, Fransa, İtaliya ordularında isə cəmi 300 tank var. Rusiyada isə bu tankların sayı minlərlədir... Bundan başqa Rusiya Qərb istiqamətində tank atışında gözlənilməz taktiki üstünlüyə malikdir.
ABŞ dünyada iqtisadi göstəricilərinə görə əsas rəqibi Rusiyanı əməlli-başlı geridə qoyur. Amerikanın supergüc olmasını təsdiqləyən başqa bir fakt budur ki, Vaşinqtonun iqtisadi gücü ilə yanaşı, çoxlu müttəfiqləri də var – Rusiya isə özünə daha çox düşmən qazanır ki, bu da Moskvanın öz zərərinə işləyir.
Amerika bəzi hərbi göstəricilərə görə, Rusiyadan geri qalır – tank istehsalı, hava hücumundan müdafiə sistemlərinin, ballistik raketlərin parametrlərinə görə.
Ancaq Amerika bir çox hərbi göstəricilərdə də Rusiyadan öndədir.
Rusiyanın 3437 hərbi təyyarəsi var – bunun da 772-si döyüş təyyarəsidir, 464 döyüş helikopterlərinə sahibdir. Digərləri isə, təlim və daşıma xidmətlərini həyata keçirir.
Hərbi dəniz qüvvələri də say və güc baxımından göz oxşayır. Rusiya hərbi dəniz qüvvələrinin balansında 355 gəmi var. Bunlardan biri döyüş təyyarələrini daşıyır.
4 freqatı, 12 dağıdıcı döyüş gəmisi, 12 korveti, 55 sualtı gəmisi, 66 sahil-mühafizə gəmisi, 35 mina daşıyan gəmisi var.
ABŞ-ın isə ümumi hərbi təyyarələrin sayı 13 min 900-dən çoxdur (2 min 312 döyüş təyyarəsi var). 5 min 739 yükdaşıyan təyyarə, 6 min 196 hərbi helikopter (bunun 959-u döyüş helikopteridir).
Hərbi dəniz qüvvələrinə gəlincə, 20 təyyarədaşıyan gəmi, 10 freqat, 63 dağıdıcı gəmi, 75 dağıdıcı gəmi, 13 sahil-mühafizə gəmisi, 11 minadaşıyan gəmisi var.
Hərbi ekspertin fikrincə, Amerikanın “Tamaqavk” qanadlı raketləri var ki, bunun özü də Rusiyanın təhlükəsizliyi və maraqları üçün təhdiddir.
Amerika ilə Rusiya arasındakı hərbi rəqabət isə üçüncü tərəf olan Avropa üçün təhlükəlidir. Rusiya ilə ABŞ-ın qızğın silahlanma yarışına girməsi əslində Avropa üçün ən böyük təhlükəni ehtiva edir. Çünki Avropa bir növ poliqon rolunu oynayır, bir-birinə tuşlanan silahların hədəfə çatması üçün “tranzitdir”. Nüfuzlu Qərb KİV-ləri yazır ki, qırmızı düymənin basılması kifayətdir ki, Avropa ölüm zonasına çevrilsin...
Aqşin KƏRİMOV
Ordu.az üçün