ABŞ HDQ-nin iki böyük gəmisi KXDR sahillərinə göndərililəcək – Hərbi ekspert

2017/11/14919995884643851077_1000x6692344234324_1509523888.jpg
Oxunub: 4587     16:09     01 Noyabr 2017    
Birləşmiş Ştatlarda vətəndaşlar hərbi texnikaların silahlanmaya qəbul edilməsi üçün təntənəli tədbirlərin keçirilməsinə alışmayıblar və bunu gözləyən də yoxdur. Yeni texnikalar (bəzən də yarımçıq) fonunda rəsmilərin çıxışları ilə gözəl televiziya proqramları hazırlamaq əvəzinə, ABŞ-da donanmanın təkmilləşdirilməsi və gücləndirilməsi istiqamətində gündəlik işlər tam gücü ilə davam etdirilir.

2017-ci ilin sonuna qədər hələ iki ay qalsa da, HDQ-nin iki böyük döyüş gəmisi artıq Sakit okean sularına endirilib. Öz texniki xüsusiyyətlərinə görə, bu gəmilər birinci sinif gəmilərə aiddir. Çünki onların göyərtəsində müasir, çox güclü silah və raket sistemləri ilə yanaşı “Aegis combat” sistemi də quraşdırılıb.

ABŞ HDQ-nə məxsus “John Finn” (DDG-113) və “Rafael Peralta” (DDG-115) gəmisi Arleigh Burke sinifinin II A “Restart” seriyasına aiddir. 5 illik fasilədən sonra, bir ildə iki böyük gəmini istifadəyə vermək əvvəlcə inandırıcı görünməsədə, daha sonra gəmilərin müxtəlif akvatoriyalarda çəkilmiş fotolarının yayımlanması faktları təsdiq etdi. “Restart” adı isə əvvəlki seriyadan imtina və yeni modellərin seriya istehsalının başlanmasına işarə idi. Bu gəmilər ABŞ HDQ-də bu sinifdən sayca 63 və 64-cü gəmilər idi.


Ümumiyyətlə, bu sinifdən 76 eyni tipli gəminin istehsal ediləcəyi gözlənilir. Hər birinin dəyəri 680 mln dollara yaxın olan gəmilərin əsas vəzifələri öz aviadaşıyıcı və zərbə gəmilərini düşmənin suüstü və atom sualtı gəmilərindən atılan kütləvi raket zərbələrindən mühafizə etmək, Flot birləşmələrinin, gəmi dəstələrinin və ayrıca gəmilərin düşmən aviasiyasının hava hücumundan müdafiə (HHM) etməkdən ibarətdir.

İkinci dərəcəli vəzifələri isə, düşmənin sualtı və suüstü gəmiləri ilə mübarizə aparmaq, bu və ya digər rayonların dənizdən mühasirəsini təşkil etmək, dəniz desant əməliyyatlarına artilleriya dəstəyi vermək, düşmən gəmilərini izləmək, axtarış-xilasetmə əməliyyatlarında iştirak etməkdir.
“Arleigh Burke” sinifinə aid gəmilər “Aegis combat” sistemi sayəsində düşmən tərəfindən yüksək təhlükə anında belə öz döyüş imkanlarına görə sürətli üçölçülü (eyni zamanda hava hücumundan müdafiə, suüstü gəmi əleyhinə və sualtı qayıq əleyhinə) döyüş aparmaq qabiliyyətindədir.

“Aegis combat” sisteminə daxil olan komponentlər və alt sistemlər bunlardır - helikopterlər, hava və suüstü hədəfləri aşkarlayan RLS-lər, hədəf tanıma sistemi, radioelektron mübarizə sistemi, naviqasiya avadanlığı, rəqəmsal rabitə avadanlığı, avtomatlaşdırılmış komanda- idarəetmə sistemi, RLS idarəetmə bloku, gəmi silah sistemlərinin əlaqəli idarəetmə sistemi, nasazlıqların axtarışı və bloklanması, məlumatların əks olunma sistemi, radiorabitə qurğuları, passiv radiomaneə yaratma qurğusu, artilleriya və zenit raket kompleksinin (ZRK) atəşinin idarəetmə sistemi, qanadlı raketlərin və sualtı raketlərin atıcı qurğuları, “Tomaqavk”qanadlı raketlərinin atəşinin idarəetmə sistemi, “Qarpun” və “Vulkan” komplekslərinin idarəetmə sistemi, sualtı qayıqlara qarşı istifadə olunan silahların idarəetmə sistemi və s.


Bu qədər güclü silahlanmaya malik olan gəmiləri 5 illik fasilədən sonra, vaxtından öncə, tələsik silahlanmaya qəbul edilməsi Koreya yarımadasındakı cərəyan edən hadisələrlə birbaşa bağlıdır. Çox güman ki, yaxın zamanlarda həmin gəmiləri Şimali Koreya sahillərində görmək mümkün olacaq. Çünki, belə bir böyük arsenala malik gəmilərin əsas sınaq meydanı üçün başqa bir hərbi hərəkət teatrı hələ ki, yoxdur.


II A seriyali gəmilərdə daşınan raketlərin sayı 90-dan 96-ya qədər artırılıb. 56 ədəd BGM-109 Tomaqavk qanadlı raketi, 34 ədəd RIM-66 SM-2 zenit raketi və 6 ədəd RUM-139 VL-Asroc qayıq əleyhinə raketlə təchiz olunan gəmilərin atəş gücü analoqları ilə muqayisəyə gəlməyəcək qədər yüksəkdir. Bu iki gəminin ata biləcəyi qanadlı raketlərin sayı, Rusiya HDQ-nin ata biləcəyi “Kalibr” raketlərin toplam sayından daha çoxdur. Əlavə olaraq, Rusiyanın bütün böyük gəmilərinin demək olar ki, hamısının Sovet dönəmində istehsal olunduğunu da nəzərə alarsaq, o zaman iki okean nəhəngi arasında paralellər çəkib analiz aparmaq, qüvvələr nisbətini dəyərləndirmək düzgün olmazdı. Lakin, heç vaxt ABŞ rəsmiləri okeanlarda lider dövlət olduqlarını bəyan etmirlər. Yəni bunu əməldə sübut edirlər.

Hərbi Ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya-böhranı   ABŞ   HDQ  


Bizi "telegram"da izləyin