Raketlərinin buraxılması Rusiyada adi vətəndaşlar, eləcə də ekspertlər, siyasətçilər və hərbçilər arasında mübahisələrin aparılmasına gətirib çıxardı. Hadisənin çox qeyri-adi şəkildə baş verdiyi ortaya çıxdı.
Belə ki, Rusiya mətbuatı atışların uğurla həyata keçirildiyini durmadan tirajlayır və xarici şərhçiləri çaş-baş qoyurdu. Növbəti gün, Pentaqonun nümayəndələri bütün raketlərin öz hədəflərinə gedib dəymədiyini, ən azından dördünün İran ərazilərinə düşdüyünü iddia etdilər. Bu fakt, daha sonra bir neçə müxtəlif mənbələr tərəfindən də təsdiqləndi.
Rusiya Müdafiə Nazirliyi isə, Pentaqonun məlumatlarını təkzib edir, bütün raketlərin öz hədəflərinə çatdığını və onların uğurla məhv edildiyini açıqladı.
Amerikalılar sonradan silahların istifadəsi ilə bağlı heç bir xəbərdarlıq etmədiklərinə görə, rus hərbçilərinin əməliyyatını "qeyri-peşəkar və təhlükəli" adlandırdılar. Bununla, hardasa ABŞ özünü Rusiyaya borclu qaldığını və bir növ incidiyini hiss etdirdi.
Aydındır ki, belə silahların istifadəsi hərbi məqsədlərdən çox siyasi məqsəd daşıyırdı. Terrorçuların partizan dəstələrinə çox bahalı qanadlı raketlərlə zərbə endirmək, iqtisadi baxımdan çox da səmərəli ideya deyil. Bu əslində, iriçaplı toplarla sərçəyə atəş açmaq kimi şeydir.
Qeyd edək ki, bu raketlər daha vacib və strateji obyektləri məhv etmək üçün nəzərdə tutulub. “İŞİD” bazasında toplanan heyətə qarşı eyni nəticəni, Rusiyanın Latakiya yaxınlığında yerləşən Xmeymim həbi bazasındakı Su-25 təyyarələrindən də istifadə edərək əldə edilə bilərdi. Lakin, Moskva həm qərb ölkələrinə xüsusiyyətlərinə görə, məşhur “Tomaqavk” raketlərindən geri qalmayan bir silaha sahib olduğunu göstərmək, həm region ölkələrinə güc nümayiş etdirmək, həm də indiyə qədər “Tomaqavk” raketlərinin monopoliyasında olan silah bazarında ona rəqib ola biləcək yeni bir qanadlı raketin sinaqlarını keçirməklə alıcalara yeni bir məhsul təqdim etmək niyyəti güdürdü.
“Tomaqavk” qanadlı raketləri
ABŞ istehsalı olan “Tomaqavk” qanadlı raketləri dünyanın ən dəqiq və təhlükəli raketləri hesab olunur. Bu raketlər 1991-ci ildə İraqda “Səhrada Fırtına" və 1998-ci ildə “Səhrada Tülkü”əməliyyatında, 1999-cu ildə Yuqoslaviyada “Müttəfiq Gücü”əməliyyatında, 2011-ci ildə Liviyada ”Şəfəq Yolu” əməliyyatında, 2017-ci ildə isə Suriyada gəmilərdən və havadan zərbə endirməklə uğurla istifadə edilib.
Döyüşün ilk saatlarında düşmənin əsəs strateji obyektlərini - HHM və HHQ, komanda məntəqələri, hərbi hissələr, rabitə qovşaqları, körpülər və s. məhz bu raketlər vasitəsilə siradan çıxarılır. Bundan sonra, aviasiya, artilleriya və zirehli bölmələr sərbəst şəkildə daha az itki verərək hücümü davam etdirir.
2017-ci ilin aprelində ABŞ Suriyada mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə iddiası ilə “Əş-Şayrat” hərbi bazasına, Aralıq dənizində döyüş növbətçiliyi aparan “Ross” və “Porter” gəmilərindən 59 “Tomaqavk” raketilə zərbə endirdi. Bazada olan bütün təyyarələr məhv edildi, uçuş zolağı sıradan çıxarıldı. Suriya Ordusunun 1967, 1973, 1982-ci illərdə İsrail Ordusu tərəfindən həm havada, həm də aerodromlarda ciddi itgilərə məruz qaldığını nəzərə alarsaq, o zaman indiyə qədər bu kimi müharibə dərslərindən nəticələrin çıxarılmaması başadüşülən deyil. Ümumiyyətlə 3 dəfə İsrail, hazırda isə ABŞ tərəfindən bütün aviaparkı məhv edilən Suriya qurtuluş yolunu nədə görür ?!
Müharibə dərslərindən nəticə çıxarmayanların sonu acınacaqlı olur və biz hazırda bunu Suriyada müşahidə edirik. Digər tərəfdən, bu bazada olan bütün təyyarə, texnika və avadanlıqlar Rusiya istehsalı olub. Bazanı həm Rusiya, həm də rus istehsalı olan HHM qurğuları ilə təchiz olunan Suriya Ordusu qoruyurdu. Bu baxımdan, qarşlıqlı atılan qanadlı raket güc göstərilərinin nəyə hesablandığını təsəvvür etmək o qədər də çətin deyil.
Suriyaya və Rusiyaya aid heç bir HHM qurğusunun raketləri görməməsi, atəş açmaması, S-300 və S-400 ZRK –ların faydasız olması, aerodromdan bir dənə döyüş təyyarəsinin havaya qalxa bilməməsi, illərdir müharıbə şəratində olan, 3 dəfə avasiyası tam məhv olan ölkənin aerodromunda pilotların döyüşə hazır təyyarələrlə növbə tutmaması ancaq heyrət doğura bilər. Ruslar əvvəlcə “alçaqdan uçurdular, görə bilməzdik”, sonra isə “Suriya hava məkanını özü qorumalıdır” kimi bəyanatlarla tarixə düşdülər.
Bu hadisəyə görə, Rusiya, İran və Suriyadan başqa heç kim ABŞ-ı qınamadı. Bununla da ABŞ razılaşdırılmadan Xəzərdən atılan 26 “Kalibr”raketi əvəzinə 59 “Tomaqavk” raketilə cavab verərək, Rusiyaya olan “borcunu” qaytardı.
Russiyadan fərqli olaraq, ABŞ “Tomaqavk” raketlərinin texniki xassələrini gizli saxlamır, əksinə, onların zaman-zaman istifadəsilə bağlı materialları ictimaiyyətlə bölüşür. Rusiya tərəfi isə, qanadlı raketlərin texniki xassələrini daim məxfi saxlamağa üstünlük verir. Bunun 2 səbəbi ola bilər. Birincisi, bu raketlər sanksiya siyahısına düşəcək qədər uzaq mənzilli silahlardır, ikincisi isə, istehsalçı tərəfindən elan olunan dəqiqlik və hədəfdən yayınma parametrləri reallıqda fərqlidir.
Lakin, son 25 ildə aparılan döyüş əməliyyatlarını analiz edərkən, hazırda “Tomaqavk” raketlərinin analoqunun olmadığını anlayarıq. Bu raketlərə qarşı dayana biləcək, onları məhv edə biləcək real silah hələ təqdim edilməyib. 1991-ci ildən etibarən, “Tomaqavk” raketləri çox saylı müharibələrin taleyini elə ilk gündəcə həll edib. Necə deyərlər, istehsalçılar öz məhsulunu tərifləyə bilər, lakin, silahlar öz real qiymətini yalnız müharibə dövründə ala bilər.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az